|
Bu gün Azərbaycan İnternet
Forumu tərəfindən "Təhsildə
İnternet-texnologiyalarının rolu" mövzusunda
Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada AİF-in prezidenti Osman Gündüzov
"Təhsildə İnternet-texnologiyalarının
rolu: Problemlər və perspektivlər"
mövzusunda, AzNET Layihəsinin IKT təlimi üzrə
əlaqələndiricisi Səməd Abasov
"Təhsildə İnternet: texnoloji məsələlər"
mövzularında Məruzələrlə
çıxış ediblər.
Dəyirmi Masada ADNA Kompüter proqramları kafedrasının
dosenti Nazim Rüstəmov, Delta Telekom şirkətinin
texniki direktoru Rahid Ələkbərli, İTV
Rəqəmsal Dünya Proqramının rəhbəri
Fizuli Məcidli, AMEA İnformasiya Texnologiyaları
İnstitutunun direktoru Rasim Əliquliyev,
7 saylı məktəbin İnformatika müəlliməsi
Gülnarə Səlimova, Avropa Liseyinin informatika
müəlliməsi Rəhilə Əliyarzadə,
264 saylı məktəbin müəlliməsi
Mətanət Əhmədova, RİTN-nin bölmə
müdiri İsfəndiyar Əliyev, UNİSEF-in
əməkdaşı Emin Hüseynov, Müəllimlər
İnstitutunun dosenti Hidayət Tağıyev,
Təhsil Nazirliyinin əməkdaşı Akif
Əliyev, HP şirkətinin nümayəndəsi
Rasim Bəxşi, AzNET Layihəsinin meneceri
Murad Maqsudov və digərləri çıxış
ediblər.
Müzakirələrdə son dövrlərdə
məktəblərin kompüterləşməsi,
təhsildə internetin tətbiqi istiqamətində
müəyyən işlər görüldüyü,
müxtəlif Layihələr çərçivəsində
bəzi məktəblərdə internet bağlantısının
yaradıldığı qeyd edilib. Müəllimlər
çıxışlarında İnternet - texnologiyalarının
tədris prosesində müsbət rol oynadığını
bildiriblər.
Eyni zamanda bu sahədə problemlərin, bir sıra
hallarda ciddi qüsurların olduğu bildirilib
və bunların aradan qaldırılması istiqamətində
səmərəli təkliflər irəli sürülüb.
Müzakirələrdə məktəblərdə
internet texnologiyalarının tətbiqi sahəsində
pərakəndəliyin olması xüsusilə
vurğulanıb. Təhsil Nazirliyi tərəfindən
koordinasiyanın daha səmərəli qurulması
və "Təhsildə İKT-nin tətbiqi"
Dövlət Proqramı çərçivəsində
Əlaqələndirici Şuranın , Vahid İnformasiya
Mərkəzinin yaradılmasının vacibliyi
bildirilib. Məktəblərdə İKT üzrə
məsul şəxslərin müəyyən
edilməsi və bu prosesin sürətlə reallaşmasının
vacibliyi qeyd olunub.
Çıxışlarda müəllimlərin
İKT hazırlığı sahəsində
problemlərin olduğu, metodiki vəsaitlərin
olmadığı qeyd olunub. Tədris materiallarının
elektron formasının, xüsusilə onun internet
variantlarının olmamasının, Elektron Kontent
probleminin mövcudluğunun müəllimlərin
seçim imkanlarını məhdudlaşdırdığı
vurğulanıb. Təhsil sahəsində İnternet
resurslar üçün vahid standartların hazırlanmadığı
qeyd olunub.
Məktəblərin İnternetə qoşulması
istiqamətində yuxarıda adı çəkilən
Dövlət Proqramında vəsaitlərin nəzərdə
tutulmadığı ciddi narahatçılıqla
qeyd olunub. Şəhər və kənd məktəblərinin
İnternet bağlantısının yaradılması
üçün və məktəblərin internet
xərclərinin ödənilməsi üçün
maliyyələşmə məsələlərinə
aydınlıq gətirilməsinin vacibliyi bildirilib.
Dəyirmi Masada qeyd olunan təkliflərin ümumiləşdirilərək
Təhsil Nazirliyinə və digər aidiyyatı
qurumlara çatdırılmasının vacibliyi
bildirilib.
Dəyirmi Masada müxtəlif dövlət, özəl,
ictimai və təhsil qurumlarının nümayəndələri
iştirak edib.
|