|
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin sədri cənab Vasif Talıbov
hazırlıq prosesi ilə yaxından tanış
oldu
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan
Dövlət Universitetində yaradılacaq Cisco
Şəbəkə Akademiyası ilə bağlı
hazırlıq prosesi ilə yaxından tanış
oldu. Tanışlıq prosesi Naxçıvan Dövlət
Universitetinin Memarlıq və Mühəndislik
Fakültəsinin açılışı zamanı
baş vermişdir. AzNET layihəsinin rəhbəri
Murad Maksudov Naxçıvanın Ali Məclisinin
sədri Vasif Talıbova Cisco lokal şəbəkə
akademiyasının fəaliyyət istiqamətləri
haqqında ətraflı danışdı. V.Talıbov
bu tədris mərkəzində keçiriləcək
treninqlər, hazırlanacaq mütəxəssislərin
iqtisadiyyatın müxtəlif sahələrində
fəaliyyət perspektivləri haqqında məlumat
aldı. Naxçıvanın rəhbəri həmçinin
lokal akademiyada işləyəcək kollektiv
ilə də tanış oldu və onların
üzərində böyük məsuliyyət
olduğunu qeyd etdi.
Naxçıvan Dövlət Universitetinin
nəzdində fəaliyyət göstərəcək
Cisco Lokal Şəbəkə Akademiyasının
açılış mərasimi İyun ayında
Naxçıvanda keçiriləcək "Elektron
Naxçıvan" konfransı zamanı həyata
keçiriləcəkdir. Bu lokal akademiya üçün
texniki avadanlıq Cisco şirkəti tərəfindən
təmənnasız təqdim olunmuşdur. İnzibati
dəstək və təlimatçıların
hazırlanması isə NATO-nun Elmi Proqramı
tərəfindən həyata keçirilmişdir.
Lokal akademiyanın yaradılması üzrə
təşkilati fəaliyyətləri isə
Azərbaycanın Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, BMT-nin İnkişaf
Proqramının, AzRENA təşkilatının
birgə həyata keçirdiyi "Tədqiqat,
Təhsil və Vətəndaş Cəmiyyətinin
İnkişafı Məqsədləri üçün
İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" (AzNET) layihəsi
həyata keçirir.
Qeyd etmək lazımdır ki, dünyanın
150-dən artıq ölkəsində fəaliyyət
göstərən və sayı 11 000-dən
artıq Cisco Şəbəkə Akademiyalarında
artıq 1,6 mln. tələbə təhsil almışdır.
Azərbaycanda AzNET layihəsi çərçivəsində
artıq 12 Cisco Lokal Şəbəkə Akademiyası
yaradılmışdır.
|