Layihəni
həyata keçirən bütün qurumlar bu sektorda çox
geniş təcrübəyə malikdirlər. Bunu həm
Hökumətin İKT sahəsində qabaqcıl tərəf
müqabili olan BMTİP, həm də bu konkret sektorda
illər boyu fəaliyyət göstərmiş və
təcrübə toplamış ACİ-YF və AzRENA
haqqında söyləmək olar. Yeni yaradılmış
nazirlik layihədə hökuməti təmsil edəcək.
Layihə Milli
İcra (NEX) prosedurlarına əsasən həyata keçiriləcək.
Layihənin həyata keçirilməsi Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, BMTİP, AzRENA
və ACİ-YF arasında həm donorlar, həm də
strateji tərəf müqabilləri şəklində
yaxın əməkdaşlıq sayəsində təmin
olunacaqdır. BMTİP-nin bu layihəyə qatılması
onun institusional potensialın artırılması sahəsində
imkanları, həmçinin, təcrübə və texnologiyalara
yiyələnmə prosesinin təşkilinə dair əvvəlki
təcrübəsi ilə bağlıdır. İKT
sektorunun bu konkret seqmentinə dair ACİ-YF-nun geniş
təcrübəsi, AzRENA-nın institusional potensialı
və onların layihəyə cəlb olunması tərəflərin
əməkdaşlığı nöqteyi nəzərindən
çox vacibdir. Layihənin əməliyyat fəaliyyətinə
başlandıqdan sonra 12 ay müddəti ərzində,
layihə müstəqil beynəlxalq ekspert qiymətləndirilməsi
keçiriləcəkdir.
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi hökumət adından
tərəf müqabili olaraq layihənin həyata keçirilməsi
üçün ondan tələb olunan bütün xidmətləri
təmin edəcəkdir. Nazirlik layihə konteksti daxilində
həyata keçirilən bütün texniki missiyalara
və ekspert fəaliyyətinə dəstək göstərəcək,
əlaqədar fəaliyyət növlərinin həyata
keçirilməsinə kömək edəcək və
layihənin icra olunduğu sahələrə səfərləri,
müvafiq məlumatlardan, sənədlərdən istifadə
etməyi, agentliklər və hakimiyyət orqanları
ilə əlaqə yaratmaq imkanlarını təmin edəcək,
həmçinin telekommunikasiya xərcləri məsələlərində
layihəyə yardım edəcək. Layihə, nazirlik
tərəfindən, layihənin uğurlu həyata keçirilməsi
məqsədilə, ödənişsiz və yaxud münasib
qiymətlə nazirliyin infrastrukturundan istifadə etmək
imkanından da bəhrələnəcək.
Layihənin
icrası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, AzRENA, ACİ-YF və BMTİP nümayəndələri
tərəfindən birlikdə yoxlanılacaq. Yoxlama layihənin
müddəti zamanı ildə iki dəfə aparılacaqdır.
Layihənin Milli Əlaqələndiricisi yoxlamadan iki
həftə əvvəl hazırlanmalı Layihə üzrə
İllik Hesabatı yoxlama üzrə iclasda təqdim
edəcək. Birgə yoxlama üzrə iclasda nəzərdən
keçirilmək üçün layihənin yekun hesabatı
hazırlanacaqdır. Layihənin monitorinqi və qiymətləndirilməsi
BMTİP-nin Milli İcra prosedurlarında göstərilmiş
müddəalara uyğun olaraq yerinə yetiriləcəkdir.
Tərəflərin
hər biri, Rəhbər Komitədə iştirak etməklə,
layihənin mənfəətsiz fəaliyyət göstərməsini,
layihə üçün nəzərdə tutulmuş
material və digər resursların lazımi qaydada istifadə
olunmasını təmin etmək niyyətini bəyan
edir. Əlaqələndirmə, Layihənin monitorinqi,
strateji idarə edilməsi və şəffaflığı,
həmçinin, Rəhbər Komitə tərəfindən
həyata keçiriləcəkdir. Layihənin bütün
mərhələlərdə icrasının açıq
və iştiraklı yoxlanması və monitorinqini təmin
etmək üçün, layihədə iştirak edən
4 tərəfin hər biri 1 nümayəndə təqdim
etməklə Rəhbər Komitə yaradılacaq. Rəhbər
Komitənin iclasları birgə yoxlama üzrə iclaslar
ilə eyni zamanda keçiriləcəkdir. Eyni zamanda layihədə
iştirak edən hər bir tərəf lazım olduğu
təqdirdə, 3 iş günü öncədən
xəbərdarlıq edərək, Rəhbər Komitənin
növbədənkənar iclasını çağırmaq
hüququna malikdir. Rəhbər Komitə tam yekdilliklə
qəbul olunmuş qərarlar əsasında fəaliyyət
göstərəcəkdir. Layihənin ümumi nəzarəti
Hökumət tərəfindən təyin edilmiş
Milli Əlaqələndirici tərəfindən həyata
keçiriləcəkdir.
Müsabiqə
əsasında seçilmiş Layihə Direktorunun vəzifəsi
layihənin gündəlik idarə edilməsindən
ibarət olacaq. Eyni zamanda maliyyə üzrə köməkçi
(1 ştat vahidi), inzibati məsələlər üzrə
köməkçi (1 ştat vahidi) və bir sürücü,
həmçinin, müsahibə vasitəsilə seçiləcəklər.
Eyni zamanda, Layihənin Direktoru, həmçinin, şəbəkələrin
qurulması və məlumatların emalı sahəsində
geniş biliklərə malik olan ekspertlərdən ibarət
texniki heyətin işinə rəhbərlik edəcək.
Layihənin Direktoru layihəyə aid olan donor/strateji
tərəf müqabilləri ilə yaxından əməkdaşlıq
edərək, layihənin Milli Əlaqələndiricisinə
hesabat verəcəkdir. (əlavə edilmiş Texniki
Tapşırığa baxın).
Layihənin
qısa bir zamanda həyata keçirilməsini təmin
etmək məqsədilə layihənin işçi heyəti
işə cəlb olunacaq və Layihənin Direktoruna
hesabat verəcək. Layihənin işçi heyəti
layihənin tam şəkildə fəaliyyət göstərməsinə
və layihə ilə əlaqəli məsələlərin
çatdırılmasına görə məsuliyyət
daşıyır. Layihənin icrası zamanı meydana
çıxan cari məsələlər Layihənin Direktoru
tərəfindən həll olunur. O, layihənin həyata
keçirilməsinə dair maliyyə və digər sənədləri
imzalamaq və Milli Əlaqələndiriciyə təqdim
etmək hüququna malikdir və mütəmadi qaydada
Rəhbər Komitə və Milli Əlaqələndiriciyə
hesabat verir. Layihənin Direktoru ACİ-YF tərəfindən
təqdim edilir.
Layihənin
audit yoxlaması NEX layihələrinin auditi üzrə
BMTİP-nin müvafiq Qaydaları və Prosedurlarına
müvafiq olaraq keçiriləcəkdir.
Layihə idarəetməsinin təşkili, həmçinin,
BMTİP tərəfindən maliyyələşdirilən
layihələrin müvafiq qaydalarına əsasən
qurulmalıdır və bu qaydalar BMTİP-nin müvafiq
sənədlərində öz əksini tapmışdır.
Layihə çərçivəsində əldə olunmuş
nəticələrin səmərəli monitorinqini təmin
etmək məqsədilə, layihə öz fəaliyyətinin
ilk 6 ayı ərzində xüsusi göstəricilər/
məlumat sistemini tərtib edib, onu təqdim etməlidir.